EHEA Tvinninq layihəsi çərçivəsində 14 iyul 2016-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 'Universitetlər arasında şəbəkələşmə və maraqlı tərəflərlə əməkdaşlıq' mövzusunda açıq seminar keçirilib. Olduqca isti gün idi, termometr 35 dərəcəni göstərirdi. Şübhəsiz, günün ən vacib hadisəsi açıq seminar idi. Hər şeyin qaydasında olduğuna əmin olmaq üçün qabaqcadan universitetə getdik. Deməliyəm ki, seminarın keçiriləcəyi otağın temperaturu bayırdakı temperaturdan çox da fərqli deyildi.
Yayın son iki missiyasından biri idi. Digər görüşlər zamanı bizi məlumatlandırmışdırlar ki, Bakıda yay tətili başlayıb. Azərbaycan ali təhsil müəssisələrindən 30 nəfər seminarda iştirak üçün qeydiyyatdan keçmişdi. Səbirsizliklə, faktiki olaraq neçə nəfərin iştirak edəcəyini gözləyirdik. Şübhələnirdim, belə ki, yay tətili başlamışdı, eləcə də hava olduqca isti idi.
Otaq 30-dan bir az çox iştirakçı üçün nəzərdə tutulmuşdu. Görüşün başlanmasına 15 dəqiqə qalmış otaq artıq dolmuşdu və iştirakçılar gəlməkdə davam edirdilər. Universitet nümayəndələri yeni gələnlər üçün əlavə stullar gətirməyə başladılar. Sonda, iştirakçıların sayı 60-a çatdı və otaqda olan yeganə kondinsioner havanı soyutmağı çatdırmadığından otaqda temperatur daha da yüksəldi.
Məzmun baxımından seminar olduqca intensiv, müzakirələr isə gərgin oldu. Lakin hamı nikbin idi. Seminarın moderatoru rolunu oynayan Azərbaycan Respublikasının Təhsil Nazirliyinin yüksək vəzifəli nümayəndəsi Sülhəddin Gözəlov universitet nümayəndələrini Azərbaycan ali təhsili mədəniyyətində və ənənəsində əməkdaşlıq və şəbəkələşmənin formalaşdırılmasına ehtiyac olduğuna inandırmağa çalışdı. Finlandiya və Estoniyadan olan ekspertlər professor Kauko Hämäläinen və Arximed Fondunun direktoru Rait Toompere giriş təqdimatları ilə müzakirə üçün yaxşı zəmin hazırladılar. Həmkarım Tərlan seminarın praktiki təşkilati məsələlərinin qeydinə qaldı, eləcə də seminarın bir hissəsini tərcümə etdi.
Yekunda, seminar olduqca uğurlu oldu. Rəqabət aparmalıyıq yoxsa əməkdaşlıq etməliyik?, Şəbəkələşmə sahələr üzrə, regional və ya milli səviyyədə olmalıdır?, Təşəbbüs kimdən gəlməlidir? kimi suallar ətrafında kiçik qruplarda və birlikdə qızğın müzakirələr aparıldı. Suallar və arqumentlər səsləndirildi. Yay tətili və otağın bürkülü olmasına baxmayaraq iştirakçıların əksəriyyəti seminarın sonunadək iştirak etdilər. Hətta seminar bitdikdən sonra belə bir çox iştirakçı şəbəkələşmənin ən yaxşı üsulları barədə müzakirələri davam etdirdi. Necə oldu ki, seminar gözlədiyimizdən daha uğurlu oldu? Bilmirəm, lakin çox sevinirəm. Belə bir seminardan sonra tətilə çıxmaq olduqca xoşdur.
Payızda növbəti seminar keçirəcəyimizə söz verdik. Çox güman ki, sentyabr və ya noyabr ayında belə bir seminar təşkil edəcəyik. Ekspertlərimiz yenidən Bakıya səfər edəcək və əməkdaşlıq və şəbəkələşmə üzrə seminarı davam etdirəcəklər. Ola bilsin ki, o vaxtadək Azərbaycan ali təhsilində, universitetlər arasında, nazirlik və maraqlı tərəflərlə əməkdaşlıq və şəbəkələşmənin dəstəklənməsi və təşviq edilməsi üçün yeni platforma və ya platformaların nə üçün, necə və kim tərəfindən yaradılmalı olduğuna dair təklif irəli sürə biləcəyik.