Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Avropa İttifaqının “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” üzrə Tvininq layihəsinin birgə təşkilatçılığı ilə 29 avqust 2017-ci il tarixində saat 10:00-13:00-da Bakı şəhəri, Azadlıq prospekti 1 ünvanında yerləşən “Park Inn by Radisson” otelinin Dan Ulduzu zalında layihənin yekun konfransı keçirilib.
Yekun konfransın keçirilməsində məqsəd Avropa İttifaqının vəsaiti hesabına icra olunan Tvinninq layihəsinin nəticələrini, eləcə də Təhsil Nazirliyinin ali təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsinə dair yeni planlarını ictimaiyyətin nəzərinə çatdırmaq idi.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Finlandiyanın Təhsilin Qiymətləndirilməsi Mərkəzi və Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən Tvinninq layihəsi fəaliyyətə 2015-ci ilin sentyabr ayında başlayıb.
İkillik layihə çərçivəsində Azərbaycanda Avropa Ali Təhsil Məkanının (AATM) prinsiplərinə və standartlarına cavab verən keyfiyyət təminatı və milli kvalifikasiyalar çərçivənin hazırlanması və tətbiq edilməsi üzrə iş aparılıb. Bundan başqa, Azərbaycan ali təhsilində koordinasiya və şəbəkələşmənin yaxşılaşdırılması, ali təhsil və akkreditasiya üzrə hüquqi sənədlərə müvafiq düzəlişlərin edilməsi istiqamətində tövsiyələr verilib. Layihənin əsas nailiyyətlərindən biri ali təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində yeni akkreditasiya və keyfiyyətin qiymətləndirilməsi standartlarının hazırlanmasıdır. Layihə çərçivəsində Azərbaycanın üç pilot universitetində (Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universiteti) keyfiyyət qiymətləndirmələri həyata keçirilib və layihə çərçivəsində hazırlanmış standartlar sınaqdan keçirilib.
Konfransda layihənin ekspertləri tərəfindən verilən tövsiyələrin və əldə olunan nəticələrin Azərbaycanda ali təhsilin daha da yaxşılaşdırılması üçün tətbiqi məsələləri müzakirə edilib.
Konfransı Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Ceyhun Bayramov giriş nitqi ilə açıq elan edib. Daha sonra Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin müavini cənab Jeroen Villems çıxış edib. Konfransda Tvinninq layihəsinin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələrinin təqdimatlarla çıxış etdilər.
Konfransa 80-dən çox iştirakçı qatılıb.