AZ
Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi

AATM Tvinninq layihəsi barədə

“Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi (AZ-ad-EHEA)” layihəsi adı altında həyata keçirilən Tvinninq layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Layihənin ümumi məqsədi Avropa Ali Təhsil Məkanına (AATM) inteqrasiya etməklə Azərbaycanın ali təhsil sisteminin daha da inkişaf etdirilməsidir. Layihə çərçivəsində keyfiyyətin gücləndirilməsi, ali təhsil müəssisələrinin akkreditasiyasının təkmilləşdirilməsi, müvafiq sahələrdə siyasətin formalaşdırılmasına dair dialoq, eləcə də beynəlxalq əməkdaşlıq və mobillik kimi Avropa Ali Təhsil Məkanına məxsus prinsiplərinin həyata keçirilməsi istiqamətində addımlar atılacaqdır. Bu sahədə Aİ-Azərbaycan Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planı əsas kimi götürüləcəkdir. Fəaliyyət Planına Azərbaycanda mövcud islahatlar proqramı çərçivəsində ölkənin ali təhsil sahəsində islahatların aparılması və Avropa İttifaqının bu sahədə yardımı daxildir.  

Əsas tərəfdaşlar Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzi (FİNEEC) və Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı üzrə Agentliyidir (EKKA). Təhsil Nazirliyi ilə yanaşı benefisiarlara eləcə də Azərbaycanın ali təhsil müəssisələri, universitet tələbələri və nəticə etibarilə ölkə cəmiyyəti və iqtisadiyyatı daxildir. Layihənin icrasına 2015-cu il sentyabrın 1-də başlanıb və 2017-ci il avqust ayının sonunadək davam edəcəkdir.  Aİ tərəfindən maliyyələşdirilən layihənin büdcəsi 1.3 milyon avrodur.

Məqsəd Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyatı qurumların institusional potensialının artırılması, Bolonya prosesi ilə bağlı siyasətin formalaşdırılması, AATM hədəfləri və alətlərinin həyata keçirilməsindən ibarətdir.

Bu sənəd Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmışdır. Sənədin mətni ilə bağlı məsuliyyəti yalnız FİNEEC və EKKA təşkilatları daşıyır və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. 

Layihənin tərəfdaşları