AATM Tvinninq layihəsi tam sürəti ilə irəliləməkdədir. Sentyabr ayının son həftəsindən başlayaraq Azərbaycan universitetləri və Təhsil Nazirliyi ilə layihə çərçivəsində işləmək məqsədilə Bakıya yeni ekspertlər səfər etdilər. Ekspertlər Azərbaycanın pilot olaraq seçilmiş universitetlərində özünüqiymətləndirmə sahəsində təlimlər keçdilər, yeni yaradılmış Akkreditasiya və Nostrifikasiya İdarəsinin mütəxəssisləri ilə sorğu apardılar və Nazirliyin yüksək vəzifəli nümayəndələri ilə birlikdə ali təhsil sahəsindəki qanunlarla bağlı tövsiyələr işləyib hazırladılar.
Layihənin əsas məqsədi 2015-ci ildə qəbul olunmuş Avropa Standartları və Təlimatlarının əsasında Azərbaycanın ali təhsilində keyfiyyət təminatı üzrə standartlar və təlimatlarının işlənib hazırlanmasına dəstək verməkdir. Layihə çərçivəsində azərbaycanlı mütəxəssislərlə birlikdə bu standartlar və təlimatların ilkin variant işlənib hazırlanaraq razılaşdırılıb və bu sənəd pilot universitetlərdə (Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti) aparılacaq sınaq qiymətləndirmələr zamanı tətbiq olunacaqdır.
Özünüqiymətləndirmə xarici keyfiyyət təminatı və akkreditasiya sahəsində ilkin addım hesab olunur. Bu səbəbdən də AATM Tvinninq layihəsi çərçivəsində pilot universitetlərin müəllim və idarəedici heyətinə özünüqiymətləndirilmələrin aparılması sahəsində təlimlər keçirilir. Təlimlərin əsas məqsədi xarici qiymətləndirilmənin aparılması məqsədilə özünüqiymətləndirmənin həyata keçirilməsi üçün potensialın gücləndirilməsidir. Pilot universitetlərin heyəti akkreditasiya və özünüqiymətləndirilmələrin aparılması sahəsində müəyyən bir təcrübəyə malikdir. Lakin pilot universitetlərdə hazırda tətbiq olunan standartlar və təlimatların layihəsi və bütünlükdə qiymətləndirmə prosesi tam yenidir və daha əvvəlki akkreditasiya prosesinə xas olan prinsip və praktikadan bir çox xüsusiyyətinə görə fərqlənir. Məhz elə bu səbəbdən də təlimlərin keçirilməsinə ehtiyac vardır.
Pilot universitetlərdə müəllim və idarəedici heyətə təlimlərin keçirilməsi məqsədilə birinci missiyanın səfəri sentyabr ayının sonlarında baş tutdu. Hər biri bir gün dava edən üç təlim zamanı əsas diqqət standartlar və təlimatların layihəsinin təqdim edilməsinə və bu sahədə Finlandiyada mövcud qabaqcıl təcrübənin paylaşılmasına yönəldildi. Təlimlərin ikinci dövrəsi keçən həftə, yəni təlimlərin birinci dövrəsindən iki həftə sonra keçirildi. Bu dəfə təlimin əsas mövzusu üç konkret qiymətləndirmə sahəsində özünüqiymətləndirmələrin aparılması idi. Təlim Tvinninq layihəsinin eskpertləri tərəfindən qruplarda iş şəklində təşkil olundu və bu metod səmərəli təlim metodu kimi özünü təsdiqlədi. Noyabr ayının sonları və dekabr ayının əvvəllərində baş tutacaq sonuncu təlim dövrəsi zamanı isə digər qiymətləndirmə sahələrində özünüqiymətləndirmənin aparılması diqqət mərkəzində olacaqdır. Təlimdən sonra pilot universitetlər tərəfindən özünüqiymətləndirmə hesabatları hazırlanacaq və beynəlxalq qiymətləndirmə qrupları tərəfindən 2017-ci ilin yazında sahə səfərləri həyata keçiriləcəkdir. Təlim iştirakçıları təlimlər zamanı böyük həvəs nümayiş etdirdilər və bir çoxları pilot qiymətləndirmələr zamanı yeni işçi metodlardan istifadə etməkdə maraqlı olduqlarını bildirdilər.
Bu, məni çox sevindirir və mən pilot universitetlərə və onların heyətinə minnətdarlığımı bildirirəm. Pilot qiymətləndirmələrdə iştirak etmək üçün daha böyük səyin göstərilməsi tələb olunur. Lakin, pilot qiymətləndirmələr zamanı əldə olunacaq təcrübə Azərbaycanın ali təhsil sisteminin inkişafına çox dəyərli bir töhfə verəcək. Burada məqsəd müştərək olaraq hazırlanmış standartlar və təlimatlar layihəsinin effektivliyini təcrübədə yoxlamaq və hansı standartların Azərbaycanın ali təhsil sistemi üçün müvafiq olması və hansı standartlar və təlimatların yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu aşkar etməkdir. Bəzi ölkələrdə xarici qiymətləndirmənin qaydaları və kriteriyaları təcrübədə necə nəticə verəcəyi nəzərə alınmadan qəbul olunur. Lakin Tvinninq layihəsi çərçivəsində yekun tövsiyələr verilməzdən öncə standartlar və təlimatlar sınaqdan keçiriləcəkdir.