Bakı küçələrinə qar yağmaqda davam etdiyi bir vaxtda AATM Tvinninq layihəsi son yaz və yay mövsümünə yaxınlaşmaqdadır. Iyirmi fəaliyyətdən on dördü artıq tamamlanıb və 2017-ci ildə həyata keçiriləcək ekspert missiyaları artıq razılaşdırılıb. Bütün dörd komponent üzrə icra olunmalı fəaliyyətlər olsa da, qarşıdakı dövr ərzində keyfiyyət təminatı əsas diqqət mərkəzində olacaqdır. Aprel ayında Azərbaycana səfər edəcək beynəlxalq qiymətləndirmə qrupları pilot universitetlərdə qiymətləndirmələr aparacaqlar. Yazın sonlarında isə universitetlərin hazırladıqları hesabatlar elə pilot universitetlərlə birlikdə müzakirə olunacaqdır. Layihə çərçivəsində yay aylarında Təhsil Nazirliyinə və ali təhsil müəssisələrinə son tövsiyələr veriləcəkdir.
Bu günə qədər Tvinninq layihəsi çərçivəsində keçirilən tədbirlərdə Təhsil Nazirliyi, universitetlər və digər təşkilatları təmsil edən 550-dən çox şəxs iştirak etmişdir. Onlardan 100 nəfəri ən azı üç təlimdə, ən fəal iştirakçı isə 10-dan çox tədbirdə iştirak etmişdir. Bundan başqa, Akkreditasiya və Nostrifikasiya İdarəsinin akkreditasiya üzrə aparıcı mütəxəssisləri Tofiq Əhmədov və Elşən Nuriyev Tallin və Helsinki şəhərlərində ikihəftəlik təcrübə proqramında iştirak etmiş, Estoniya və Finlandiyanın təhsilin qiymətləndirmə mərkəzlərinin işi ilə tanış olmuşlar.
Bir sözlə, Azərbaycan ali təhsilində Avropa standartları barədə məlumatlı olan və keyfiyyət təminatı sahəsində təlim keçmiş mütəxəssislər ordusu yaranmaqdadır. Bu, Azərbaycan ali təhsilinin daha da inkişaf etməsi üçün bir zəmin yaradır.