AZ
Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi

Xəbər və Tədbirlər

14 Mar

Pilot qiymətləndirmələrə az qaldı

Pilot qiymətləndirmələrə az qaldı

AATM Tvinninq layihəsi icra müddəti kimi nəzərdə tutulmuş 24 ayın 19-nu artıq geridə qoyub və layihənin kulminasiya nöqtəsi hesab olunan pilot qiymətləndirmələrə doğru irəliləməkdədir.

Pilot qiymətləndirmələr Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Standartları və Təlimatları adlı sənədin əsasında fin və eston, eləcə də yerli ali təhsil ekspertlərindən ibarət qrup tərəfindən ötən ilin may ayında tərtib edilmiş Azərbaycanın Ali Təhsilində Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar adlı pilot layihə sənədinin əsasında aparılacaqdır.

Azərbaycanın Ali Təhsilində Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar pilot olaraq seçilmiş üç ali təhsil müəssisəsində sınaqdan keçiriləcəkdir – Azərbaycan Dövlət İqtisad Universiteti (3-7 aprel), Azərbaycan Dövlət Pedaqoji Universiteti (10-14 aprel) və Azərbaycan Texniki Universiteti (24-28 aprel).

Hər üç pilot universitet artıq özünütəhlil hesabatlarını təqdim edib. Qiymətləndirmə qruplarının üzvləri qiymətləndirmə məqsədilə universitetlərə getməzdən əvvəl özünütəhlil hesabatları ilə tanış olacaq və universitet əməkdaşlarına bununla bağlı müvafiq suallar hazırlayacaqlar.

Hər qiymətləndirmə qrupu üç fin və ya eston ekspertdən, müvafiq təlim keçmiş iki azərbaycanlı ekspertdən və bir yerli tələbədən ibarət olacaq.

Qiymətləndirmə universitet rəhbərliyi, dekanatlıq, professor-müəllim heyəti, tələbələr, dəstək xidməti və xarici maraqlı tərəflərin nümayəndələri ilə müsahibələr şəklində təşkil olunacaq.

Qiymətləndirmə zamanı idarəetmə, strateji planlaşdırma, insan resursları, tədqiqat fəaliyyəti və tələbələr kimi sahələr qiymətləndiriləcəkdir.  

Qiymətləndirmədən bir müddət sonra qiymətləndirmə qrupu qiymətləndirmənin nəticələri ilə bağlı hesabat dərc edəcək.

AATM Tvinninq layihəsi tərəfindən pilot qiymətləndirmələrin nəticələrinin ictimaiyyətə çatdırılması məqsədilə yayın əvvəlində geniş bir seminarın keçirilməsi planlaşdırılır.