AZ
Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi

Xəbər və Tədbirlər

6 Jun

RTM-in bloqu: Qubada keçirilən işçi seminarlar barədə

Layihə çərçivəsində planlaşdırılan işlərin hər hansı biri ilə bağlı Bakıdan kənarda toplaşmaq təklifi ilk olaraq Azərbaycanın Təhsil Nazirliyinin nümayəndələrindən gəldi və avropalı ekspertlərin bu məsələ ilə bağlı razılığını almaq elə də çətin olmadı. İlkin olaraq Bakıdan kənarda hansı məsələ ilə bağlı toplamaşmalı olduğumuz və məhz hansı rayonda toplaşacağımız ilə bağlı bir neçə variant irəli sürülmüşdü. Nəhayət, belə bir qərar qəbul olundu ki, paytaxtdan kənarda görüləcək iş pilot olaraq Azərbaycan universitetlərində aparılacaq qiymətləndirmə üzrə təlimatlarla bağlı təkliflər layihəsinin hazırlanması ilə əlaqədar olmalı və bu iş məhz Qubada təşkil olunmalıdır. Layihə sənədini hazırlayacaq işçi qrupunun tərkibi isə layihənin avropalı və azərbaycanlı rəhbərləri tərəfindən birgə müəyyən olundu. Daha sonra Qubada keçiriləcək işçi seminarlarda iştirak edəcək şəxslərin siyahısına Nazirliyin yüksək vəzifəli rəsmiləri, yeni yaradılmış Akkreditasiya və Nostrifikasiya İdarəsinin və eləcə də AATM Tvinninq ofisinin nümayəndələrinin adları da daxil edildi. Səhər vaxtı avtobusla Qubaya yola düşmək üçün 20 Yanvar dairəsində eyni adlı abidənin önünə toplaşan hər kəs həyəcanlı idi. Məqsəd Azərbaycanın pilot olaraq müəyyən olunmuş universitetlərində aparılacaq qiymətləndirmə üzrə təlimatların layihəsinin hazırlanması məqsədilə Quba rayonunda üç günlük intensiv işçi seminar keçirmək idi. Məncə, hər kəs çox yaxşı başa düşürdü ki, görüləcək işin nəticəsi gələcəkdə Azərbaycan Ali Təhsilində Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar adlı sənədin işlənib hazırlanması üçün bir əsas ola bilər.

Ali təhsildə keyfiyyət təminatı ilə bağlı ümumi qaydalar ideyası əslində çoxdan mövcuddur. Bu, 2003-cü ildən bəri Bolonya prosesinin əsas məqsədlərindən biri olub. Bolonya prosesinə qoşulan ölkələrin ali təhsil sahəsinə məsul olan nazirləri Ali Təhsildə Keyfiyyətin Təmin Edilməsi üzrə Avropa Assosiasiyası qarşısında (ENQA) Avropanın digər böyük ali təhsil assosiasiyaları ilə birlikdə keyfiyyət təminatı üzrə standartlar və təlimatların işlənib hazırlanması ilə bağlı 2003-cü ildə məsələ qaldırdı. 2005-ci ildə nazirlərin Bergendə keçirilən konfransı zamanı Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar (AST) adlı sənəd qəbul olundu. O vaxtdan bəri AST Avropa Ali Təhsil Məkanı (AATM) üçün əsas alətə çevrilib. AST-nin razılaşdırılmasından sonrakı dövrdə Azərbaycan Bolonya/AATM prosesinin üzvü olsa da, bu prosesə xas prinsiplər və alətlərin Azərbaycanda icrası AST-yə 2015-ci il may ayında edilmiş düzəlişlərdən bir qədər geri qalır. Bu, AATM Tvinninq layihəsinin yaradılmasını labüd edən səbəblərindən biri hesab oluna bilər. Şübhəsiz ki, bu sahədə mövcud bir çox ideyalar artıq Azərbaycanda həyata keçirilməkdədir. Lakin AST-yə gəldikdə isə, bu istiqamətdə görüləcək işlər çoxdur.

Qubadakı işçi seminarlar uğurla başa çatdı. Ilkin olaraq seminarların gündəliyinə ekspertlərin AST barədə məruzələri və AST-nin Azərbaycanın ali təhsil sisteminə necə tətbiq edilə biləcəyi barədə müzakirələr daxil idi. Lakin daha sonra işin müvafiq qiymətləndirmə kriteriyaları işləyib hazırlayacaq kiçik işçi qruplar şəklində qurulması barədə qərar verildi. Bu, görülən işin ən uğurlu hissəsi idi və Nazirlik rəsmiləri Natiq İbrahimov və Emin Əmrullayevin seminarlara məhz bu məqamda qatılması çox məqsədəuyğun oldu.

Lakin Quba səfəri yalnız sənəd layihəsinin hazırlanması ilə yadda qalmadı. Bu, həm də bir növ sosial hadisə hesab oluna bilər. Belə ki, bu, bir tərəfdən seminarın finlandiyalı və estoniyalı iştiraçıları, digər tərəfdən azərbaycanlı mütəxəssislərin bir-birini daha yaxından tanıması üçün bir imkan oldu. Biz birlikdə işlədik, süfrə arxasına birlikdə əyləşdik, birlikdə idmanla məşğul olduq, dağlara ekskursiyaya birlikdə getdik, və s. Birlikdə voleybol və futbol oynadığımız, və ya dağlara çıxarkən bir-birimizə kömək etdiyimiz məqamlarda kimin hansı dildə danışması heç bir məna kəsb etmirdi. Mən azərbaycanlı ekspertləri daha yaxından tanıya bildim və onların simasında yeni dostlar tapdığım üçün çox sevinirəm. Onlar həyatın bir çox sahələri barədə məlumatı olan çox gözəl insanlardırlar. Üz tutduğumuz İqtisad Universitetinin Qubadakı yay düşərgəsi isə bizim orada qalmağımız üçün çox yaxşı hazırlanmış və seminarların təşkili üçün yaxşı imkanlar yaradılmışdı.

Gəldiyim ən əsas qənaət isə budur ki, qarşılıqlı ünsiyyət ümumi anlaşma və gələcəkdə islahatların baş tutacağı ilə bağlı öhdəlik üçün çox mühüm əhəmiyyət kəsb edir. Nazirlik və universitetlərin öhdəliyi isə bu baxımdan alfa və omega hesab oluna bilər. Estoniyada bu sahədə islahatlar Sovet İttifaqının süqutundan dərhal sonra aparılmağa başlanmışdı. Beləliklə, bu, qeyri-mümkün olan bir məsələ ola bilməz. Elə burada da.