AZ
Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi

Xəbər və Tədbirlər

10 May

Rezident Tvinninq Müşavirinin "küləklər şəhərindən" bloqu

Rezident Tvinninq Müşavirinin “küləklər şəhərindən” bloqu

 Reijo Aholainen, Rezident Tvinninq Müşaviri

 Aİ-Azərbaycan AATM Tvinninq Layihəsi – yeni mərhələnin astanasında

AATM Tvinninq layihəsi tam sürəti ilə irəliləməkdədir. Layihə müddətinin üçdə bir hissəsi artıq geridə qalıb və müvafiq olaraq layihənin gedişatına dair təhlillər işlənib hazırlanmış və boşluqların təhlili aparılmışdır. Avropalı və azərbaycanlı ekspertlər tərəfindən işlənib hazırlanmış çoxsaylı tövsiyələr hal-hazırda Təhsil Nazirliyi tərəfindən nəzərdən keçirilməkdədir. Layihənin hal-hazırda nəzərdən keçirdiyiniz yeni internet səhifəsi isə AATM Tvinninq layihəsində yeni mərhələnin təməlini qoyur. Burada məqsəd ünsiyyəti daha da genişləndirmək, Azərbaycanın ali təhsil müəssisələri arasında şəbəkələşməni dəstəkləmək və AATM islahatları barədə məlumatlılığı artırmaqdır.

Bu yaz layihə çərçivəsində əsasən potensialın artırılması və Təhsil Nazirliyi, eləcə də ölkənin ali təhsil müəssisələrinin ekspertlərinə təlimlərin keçirilməsi istiqamətində işlər görülmüşdür. Avropa standartları və rəhbər qaydaları, təlim nəticələri, keyfiyyətin qiymətləndirilməsi, standartlar və kurikulumlar, eləcə də kvalifikasiyalar və kvalifikasiyalar çərçivəsi mövzusunda layihə çərçivəsində təşkil olunan təlim və seminarlara 550 nəfərdən çox müəllim, rəsmi şəxs və digər mütəxəssislər qatılmışdırlar. Keçirilən təlimlərin davamı olaraq bir qrup azərbaycanlı ekspert iyun ayında Helsinki və Tallində bir həftəlik tədris səfərində olacaqlar.

Hal-hazırda layihənin gündəmində olan əsas məsələ Azərbaycanın ali təhsil sistemində keyfiyyətin təminatı üzrə standartlar və rəhbər qaydaların layihəsinin işlənib hazırlanmasıdır. Burada məqsəd üç universitetdə sınaqdan keçiriləcək sənədin hazırlanmasıdır. Bu sənəd Avropanın keyfiyyətin təminatı üzrə aparıcı mütəxəssisləri və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin olunmuş layihə qrupunun birgə səyi nəticəsində ərsəyə gələcəkdir. Azərbaycanlı mütəxəssislərə keyfiyyətin qiymətləndirilməsi və beynəlxalq qiymətləndirmə qruplarında iştirakla bağlı xüsusi təlim keçilmişdir. Pilot qiymətləndirmədən sonra Azərbaycanın ali təhsil sistemində keyfiyyətin təminatı üzrə standartlar və rəhbər qaydaların layihə sənədi müvafiq qaydada təkmilləşdiriləcəkdir. Bu, AATM Tvinninq layihəsinin nail olacağı mühüm nəticələrdən biri olacaqdır. Məqsəd Azərbaycanın müvafiq qurumları üçün ölkənin ali təhsil məkanında keyfiyyətin təminatı ilə bağlı gələcək qərarların verilməsi məqsədi ilə möhkəm əsas yaratmaqdan ibarətdir.